Mülki hüquq
Kredit öhdəliklərinin icrasının təminatı sistemində əşya və öhdəlik xarakterli üsulların hüquqi tənzimlənməsi məsələləri
Abstract
Məqalədə kredit öhdəliklərinin icrasının təmin edilməsi sisteminin iki fundamental qolu — əşya xarakterli (real) və öhdəlik xarakterli (şəxsi) təminat üsulları — müqayisəli-hüquqi müstəvidə kompleks şəkildə tədqiq edilir. Tədqiqatın aktuallığı ondan irəli gəlir ki, müasir bank-kredit münasibətlərində kreditorun risklərinin azaldılması, borclunun öhdəliklərinin real icrasının təmin edilməsi və mülki dövriyyənin sabitliyinin qorunması üçün təminat institutlarının düzgün hüquqi konstruksiyası xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan ipoteka, girov, zaminlik və bank qarantiyası institutlarının hüquqi mahiyyəti, onların iqtisadi funksiyası, tətbiq sahələri və bir-biri ilə qarşılıqlı münasibəti ayrıca elmi və praktiki əhəmiyyət daşıyır. Məqalədə aksessorluq prinsipi, kreditorun üstün hüququ, tutmanın yönəldilməsi ardıcıllığı, subsidiarlıq, təminatların kolliziyası və birgə tətbiq mexanizmləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi, Avropa hüquq sistemləri, xüsusilə Almaniya və İngiltərə hüququ, Türkiyə hüququ, eləcə də post- sovet hüquq məkanına daxil olan Rusiya, Gürcüstan və Qazaxıstan qanunvericiliyi ilə müqayisəli şəkildə təhlil olunur. Əşya xarakterli təminatlarda kreditorun hüququnun konkret əmlaka yönəlməsi, ipoteka və girovun üstünlük və təqib funksiyası, öhdəlik xarakterli təminatlarda isə zaminin və qarantın şəxsi əmlak məsuliyyəti əsasında əlavə ödəmə mənbəyi yaratması xüsusi olaraq araşdırılır. Bununla yanaşı, zaminliyin aksessor xarakteri ilə bank qarantiyasının müstəqil və abstrakt mahiyyəti arasındakı prinsipial fərqlər də tədqiqatın əsas istiqamətlərindən birini təşkil edir. Tədqiqat göstərir ki, mövcud qanunvericilikdə eyni kredit öhdəliyi üzrə həm əşya, həm də öhdəlik təminatının birgə tətbiqi hallarında tutmanın hansı ardıcıllıqla yönəldilməsi, zaminin məsuliyyətinin hansı həddə subsidiar xarakter daşımalı olması, kreditorun seçim hüququnun sərhədləri və təminatlar arasında mümkün kolliziyaların həlli mexanizmi normativ cəhətdən kifayət qədər aydın tənzimlənməmişdir. Bu qeyri-müəyyənlik bank təcrübəsində kreditorun mövqeyini gücləndirsə də, zaminin və borclunun hüquqlarının müdafiəsi baxımından risklər yaradır. Məqalədə həmin boşluqların aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə tutmanın ardıcıllığı, həddindən artıq təminat, məhkəmədənkənar icra mexanizmlərinin şəffaflığı və bank qarantiyası üzrə beynəlxalq standartlara uyğun müddəaların daxil edilməsi təklif olunur. Nəticə etibarilə, məqalədə kredit təminatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinin həm investisiya mühitinin yaxşılaşdırılması, həm də kreditor-borclu münasibətlərində hüquqi balansın təmin edilməsi baxımından zəruri olduğu əsaslandırılır.
Keywords
kredit öhdəliyi, əşya təminatı, ipoteka, girov, zaminlik, bank qarantiyası, aksessorluq, subsidiarlıq, kolliziya, hüquqi tənzimləmə.