Cinayət hüququ
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin tarixi inkişafı və müasır hüquqi yanaşmalar
Xülasə
Məqalə tibbi xarakterli məcburi tədbirlərin hüquqi mahiyyətini, onların tarixi inkişafını və müasir cinayət hüququ sistemlərində tətbiq mexanizmlərini kompleks şəkildə araşdırır. Tədqiqatın ilk mərhələsində müxtəlif dövrlərdə ruhi xəstəliklə cinayət məsuliyyəti arasında qurulan əlaqə təhlil olunur, fövqəltəbii təsəvvürlərin hökm sürdüyü qədim inanclardan başlayaraq, Hippokrat məktəbinin rasional tibbi yanaşmasına, Roma hüququnun idrak–iradə pozuntularını nəzərə alan normativ konstruksiyalarına və Karolina qanunvericiliyinin obyektiv meyarlarına qədər formalaşan inkişaf ardıcıllığı diqqətə çatdırılır. Orta əsrlərdə dini təsəvvürlərin üstünlüyünün hüquqi qərarların məzmununa təsiri, XVII əsrdən etibarən isə təbabətin elmi əsaslarla irəliləməsinin məhkəmə-tibbi ekspertiza institutunu formalaşdırması göstərilir. Məqalənin analitik hissəsində, ilk növbədə Fransa təcrübəsi əsasında, xarici ölkələrin cinayət hüququnda tibbi xarakterli məcburi tədbirlərin tətbiqi şərtləri, onların profilaktik, müalicəvi və təhlükəsizlik funksiyalarının balanslaşdırılması, həmçinin məhkəmənin qərarvermə səlahiyyətinin tibbi rəy ilə uzlaşdırılması məsələləri müqayisəli hüquq metodu ilə araşdırılır. Sonrakı bölmələrdə Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrində bu institutun hüquqi tənzimi, tətbiq prosedurları, məcburi müalicə formaları, müddətlərin hüquqi rejimi və məhkəmə nəzarətinin təmin olunması mexanizmləri təhlil edilir. Tədqiqat göstərir ki, tibbi xarakterli məcburi tədbirlər yalnız cəmiyyət üçün təhlükəli olan psixi pozuntulu, anlaqsız şəxslərin törətdiyi hüquq pozuntularına adekvat reaksiya mexanizmi deyil, həm də insan hüquqlarının qorunması baxımından xüsusi tarazlıq tələb edən hüquqi institutdur. Məqalə tibbi xarakterli məcburi tədbirlər institutunun tətbiqi zamanı fundamental hüquqların təmin olunması, bu tədbirlərin legitimlik hüdudları və beynəlxalq standartlara uyğunlaşdırma zərurəti kimi məsələləri elmi əsaslarla qiymətləndirir.
Açar sözlər
tibbi xarakterli məcburi tədbirlər, anlaqsızlıq, məhkəmə- psixiatriya ekspertizası, məhkəmə nəzarəti, insan ləyaqətinin qorunması, hüquqi legitimlik, beynəlxalq standartlar.